Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük müzəffər savaşından sonra regionda baş verən proseslər də göstərir ki, Ermənistanı məğlub etmiş Azərbaycanın gələcəyi yenə də əsasən Rusiya-ABŞ-İran geo-siyasi üçbucağında edəcəyi şahmat gedişlərindən asılı olacaq. Yanvar ayında Rusiya Prezidentinin vasitəçiliyi ilə Moskva görüşləri, Rusiya XİN başçısı S.Lavrovun mütəmadi Qarabağ bəyanatları, ABŞ-da yeni seçilmiş Prezident Co Baydendən gözləntilər, İran XİN rəhbərinin son Bakı-Moskva-İrəvan gedişi və s. nələrdən xəbər verir?..
Bəhs edilən mövzu ilə bağlı “Həftə içi”nə müsahibə verən İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı diqqətəlayiq fikirlər səsləndirib.
- Teymur bəy, İran baş diplomatının Bakıya son səfərini, Qarabağ haqqında söylədiklərini, ardınca Moskva, sonra da İrəvana gedişini necə dəyərləndirirsiniz?
- İran birinci Azərbaycan-Ermənistan müharibəsində də iki ölkə arasında diplomatik gedişlər etdi. Tehran Azərbaycan-Ermənistan tərəflərinin görüşünü də təşkil etdi, amma bu, sonda uğursuzluğa duçar oldu...
İran o zaman diplomatik görüşləri ona görə təşkil edirdi ki, Rusiyanın Qafqazda hegemon olmasını istəmirdi. Həmin dövrlər Rusiya bəzi məsələlərdə zəif idi. Buna rəğmən İran sonda istədiyini edə bilmədi. Hazırda isə İranın etdiyi diplomatik gedişlər, o cümlədən Xarici İşlər nazirinin səfərləri ilə özünün Qafqazda varlığını göstərmək məqsədi güdür. Amma İranın hazırda Rusiyaya qarşı hər hansı təsir gücü yoxdur. Və hətta bəzi məsələrdə Rusiyadan aslıdır...
İrəvana səfərində isə Cavad Zərif göründüyü kimi, Bakıda etdiyi xoşagəlimli jestləri fərqli diplomatik uslubda Ermənistan tərəfinə də etdi və “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, - söylədi...
- Rusiyanın hazırkı Azərbaycan-Qarabağ siyasətinin mahiyyəti nədən ibarətdir? Sizcə, Moskvanın bölgədəki “sülhməramlı missiya”sının sonu necə bitəcək?
- Hesab edirəm ki, Rusiyanın hazırkı siyasəti Qarabağ münaqişəsinin bərpasına xidmət edir. Putin bu siyasətlə “Qafqazda tək hegemon mənəm” demək istəyir. Təbii ki, Azərbaycan dövləti, iqtidarı, müxalifət Rusiyanın bu siyasətinə qarşı dirənir. 10 Noyabr bəyanat-razılaşmasında yazılıb ki, 5 ildən sonra Rusiyanın əsgəri Azərbaycan torpağını tərk etməlidir. Görünən odur ki, Rusiya buradan çıxmaq istəməyəcək. Azərbaycan tərəfi 5 il ərzində xarici siyasətimizi düzgün aparmalı, Rusiya əsgərinin burdan çıxması üçün hər şey etməlidir. Azərbaycan vətəndaşı, xalqımız isə iqtidarlı-müxalifətli dövlətin yanında olmalı və ona dəstək verməlidir...
- Bəs Rusiyada demokratik dəyişikliklər olsa, Kremlin Azərbaycan, konkret olaraq Qarabağla bağlı siyasətində də dəyişikliklər ola bilərmi?
- Bilirsiniz, tarix də şahiddir ki, Rusiya dövləti yarandığından bu günə qədər bu ölkədə heç bir zaman demokratiya olmayıb və rus xalqı demokratik dəyərlərlə idarə olunmayıb. Yalnız Sovetlər dağıldıqdan sonra - 1991-1999-cu illər arası Rusiyada demokratik ideyalar hakim olub. Putin iqtidara gəldikdən sonra isə Rusiyada demokratik dəyərlər ortadan qalxıb və bu ölkənin demokratik imici mənfiyə doğru dəyişib. Ümumiyyətlə, sual meydana çıxır: rus xalqı demokratiya istəyirmi?..
Tarix göstərir ki, Çar Rusiyasi zamanında belə, demokratik imicli rus siyasətçiləri və dövlət xadımləri belə, Azərbaycan xalqının müstəmləkə olması tərəfdarı olublar. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra mühacirətdə olan anti-bolşevik Rusiya siyasətçiləri də Azərbaycanın müstəqil dövlət olmasını istəmir, əleyhinə təbliğat aparırdılar...
Birinci Qarabağ müharibəsi gedərkən Rusiyada guya demokratik dəyərlərə sahib olan hökümət olub. Bu demokratik hökuməti idarə edənlər də Ermənistana hər cür dəstək veriblər. Ermənilər Qarabağı elə demokrat (!) Yeltsin zamanında, onun dəstəyi ilə işğal etməyib?.. Demokrat (!) Boris Yeltsin zamanında Rusiyanın liberal dəyərlərə sahib olan, Rusiyanın Avropaya inteqrasiyasının tərəfdarı olan Xarici İşlər naziri Andrey Kozırev bizim dövlət adamlarmızla görüşündə bunu açıqça deyirdi. “Liberal dəyərlərə sahib Rusiyada liberal iqtisadiyyat olsun”, – deyən Yeqor Qaydar nazir olanda Ermənistana onun göstərişi ilə silah yardımı olunub və erməniləri fəlakətdən xilas edib...
Bütün bunları niyə deyirəm? Məsələ ondadır ki, Rusiyada hakimiyyətə kim gəlir-gəlsin, istər Azərbaycanın suverenlik məsələsi, istər Qarabağ məsələsi ilə bağlı hər zaman Rusiyanın dövlət maraqlarının yeridilməsi və ən önəmlisi imperializm siyasəti davam edəcək...
- Birdən demokrat hesab olunan Navalnı və ya onun kimilər Moskvada hakimiyyətə gəldi, onda necə?
- Konkret Navalnı və ya onun kimisinin hakimiyyətə gələcəyi halda da Rusiyanın Güney Qafqaz, Azərbaycan və ayrıca Qarabağla bağlı siyasətində mahiyyətcə hər hansı dəyişlik olmayacaq. Digər tərəfdən, Navalnı rus milliyyətçisidir, Navalnı ermənipərəstdir. Həm də Navalnının Rusiyada hər hansı qalib gəlmək ehtimalı da demək olar ki, çox azdır...
- Bayden administrasiyasının Azərbaycana münasibəti necə olacaq? O, Qarabağa status məsələsində ciddi təkid edəcəkmi?
- Dövlətlərin dostu olmur, maraqları olur. ABŞ-da ermənilərin güclü təsir imkanları var. Bayden komandasında da ermənipərəstlər var. Önəmli vəzifələrdə yəhudikökənli insanlar var. Bu günlərdə Pakistanmənşəli dairə prokuroru da təyin olunub... Azərbaycan gücü çatdığı qədər belə adamlardan istifadə etməlidir...
Bundan başqa, nəzərə almaq lazımdır ki, Bayden və Ərdoğan şəxsi dostdurlar. Bayden vitse-prezdent olanda İstanbulda Ərdoğanı ziyarət edib; həmin vaxt Ərdoğan xəstə idi və maraqlı görüş olub. Düşünürəm ki, Bayden “pərdəarxası”ndan da olsa, Türkiyəyə Qarabağ məsələsi ilə bağlı dəstək verəcək. 44 günlük Vətən müharibəsində Türkiyənin arxasında ABŞ vardı, belə də davam edəcək...
- Bəzi məlumatlara görə, ABŞ-ın yeni təyin olunmuş dövlət katibi ermənipərəstdir...
- Düşünürəm ki, yeni dövlət katibi ABŞ-ın milli maraqlarını qoruyacaq. Onun ermənipərəst olması ABŞ-ın dövlət maraqlarından üstün deyildir...
- Sizcə, Azərbaycan qısa müddətdə bu Rusiya-ABŞ-İran “üçbucağı”ndan salamat çıxacaqmı? Yuxarı Qarabağda yurisdiksiyasını bərpa edib ərazi bütövlüyünü tam qoruyub saxlaya biləcəkmi?
- Hazırda Qafqazda siyasi, hərbi və iqtisadi mənada gerçək olaraq Rusiya-Türkiyə-İran üçbucağı mövcuddur. ABŞ isə həmin üçbucaqda Türkiyəyə dəstək verir...
Azərbaycan xalqı və dövləti tarixdən dərs çıxarmalı və daxili və xarici siyasətimiz buna görə qurulmalıdır. XIX əsrdə Azərbaycan torpaqlarında baş verən siyasi hadisələri, həm Azərbaycan Xalq Cümhiriyyəti dövrü, ən önəmlisi, 27 aprel işğalı ərəfəsini yaxşı öyrənməliyik. Eyni zamanda müstəqil olduğumuz gündən bu günə qədərki dövrü. Elə etməliyik ki, 27 aprel 1920-ci il bir daha təkrarlanmasın. Azərbaycan üç imperiyanın varisi ilə qonşudur. Bu üç imperiyadan ikisi Azərbaycanı müstəqil dövlət kimi qəbul etmir və bunu açıqca deyir. Digər varis öz dövlət maraqlarını qorumaqla Azərbaycanın yanındadır. Zaman-zaman tarixin dövrlərində bu üç dövlət bəzən Azərbaycan məsələsində birləşib, bəzənsə yolları ayrılıb. Biz bunlardan dərs çıxarmalı və gecə-gündüz prosesləri izləməliyik. Xarici siyasətimizi gücləndirməli, yeri gələndə hücum, yeri gələndə müdafiə olunmalıyıq. Bunun üçün hər birimiz Azərbaycan milliyyətçisi olmalıyiq. Etnik milliyyətçiliyi nəzərdə tutmuram. Bütün Azərbaycan vətəndaşlarını qucaqlaycayaq milliyyətçiliyin olması lazımdır. 44 günlük Vətən müharibəsində bu sübut olundu... Üçrəngli bayrağımızın altında yumruq kimi birləşərək, Azərbaycanımızı hər cür imperiya ambisiyalı dövlətlərin təhdid və hücumlarından qorumalıyıq. M.Ə.Rəsulzadənin gözəl sözü var: “Azərbaycan xalqı tarixin hər dövründə uçurum qarşısında olub, ancaq uçuruma yuvarlanmayıb. Azərbaycanı tarixi şəxsiyyətlər xilas edib...”.